Əgər, bu gün yeni başlayan bir videoqraf gəlib məndən “İlk növbədə nə etməliyəm?” deyə soruşsa, əminəm ki, kameralardan danışmağa başlamazdım.
Həftələrlə obyektiv seçən, kamera icmallarına baxan çox insan görürəm, amma, bu müddətdə ümumiyyətlə heç nə çəkmirlər.
Sonra isə, arzularındakı kameranı alırlar və görürlər ki, nədənsə kadrları daha kinematoqrafik alınmır.
Kadr hissi kamerayla birlikdə satılmır. Montaj da yeni obyektiv aldıqdan sonra avtomatik daha peşəkar olmur. Bunların hamısı yalnız təcrübə ilə qazanılır.
Məndə vaxtilə heç də ideal çəkmirdim. İndi köhnə işlərimə baxanda öz-özümə düşünürəm ki, bunu necə paylaşmışam? Amma, məhz o videolar sayəsində bu gün çəkdiyim yaxşı kimi çəkə bilirəm.
Dostlarınızı çəkin. Küçələri çəkin.
Çəkdiyiniz hər video sizə YouTube-da izlədiyiniz on saatlıq videolardan daha faydalı olacaq. Əgər çəkməyə davam etsəniz, təcrübəsiz videoqraf olaraq çox qalmağınız qeyri-mümkündür.
Rakurs nədir və niyə hər şeyi məhz o həll edir?
İzləyicinin ilk diqqət yetirdiyi şey hekayəni hansı bucaqdan göstərdiyinizdir. Məhz buna rakurs deyilir.
Sadəcə bir addım sağa, bir az aşağı, yuxarı və məhz bu bir neçə santimetr kadrın qavranılmasını tamamilə dəyişə bilər:
Aşağı bucaqdan çəkiliş insanı vizual olaraq daha hündür və güclü göstərir.
Yuxarı bucaqdan çəkiliş sakitlik hissi yarada və ya məkanı bütöv şəkildə göstərə bilər.
Göz səviyyəsində çəkiliş təbii görünür və izləyicidə sanki hadisənin içindəymiş kimi bir hiss yaradır.
Yan rakurs görüntünü daha həcmli göstərir.
Amma gözəl rakurs «yalnız aşağıdan çək» və ya «həmişə yuxarı plandan istifadə et» demək deyil. Əsas sual budur: «izləyicinin nə hiss etməsini istəyirəm?»
Təsəvvür edin ki, avtomobil çəkirsiniz. Yeni başlayanların çoxu maşının yanında dayanıb onu sadəcə yandan çəkir. Amma kameranı demək olar ki, yer səviyyəsinə endirsəniz, avtomobil dərhal daha güclü və bahalı görünür. Çəkilişi yan güzgünün içindən, şüşənin üzərindəki yağış damcılarının arasından və ya ağac budaqlarının arxasından etsəniz, kadr daha canlı görünər. İzləyicidə elə bir hiss yaranar ki, o sadəcə avtomobilə baxmır, həmin anın içindədir.
